Secda Mirzəyeva
Türkün Qəhrəmanları ilə “qəhrəmanlıq” etməyin
Salam, Güntay bəy. Mən vaxtilə Sizə çox hörmət bəsləyirdim, çünki Türkçü idiniz və güman edirdim ki, qələminiz Güney Azərbaycan Cümhuriyyəti yaratmaq ideyasına xidmət edəcək. Az qala sizi müasir dövrün Əli bəy Hüseynzadəsi, Əhməd bəy Ağayevi kimi təsəvvür edirdim. Düşünə bilməzdim ki, bəzi dini qurumlar sizi də cənginə sala bilərmiş.
Təbii ki, mən sizə diqtə edə bilmərəm bunu yazın, bunu yazmayın. Amma kimin yazmasından asılı olmayaraq, mənim Azərbaycanıma – dövlətimə zərər verəcək fikirlərin əleyhinə çıxırıam və çıxacağam da.
Göndərdiyiniz materiallara görə təşəkkür edirəm, onların bir çoxu haqqında kifayət qədər məlumatım var idi. Kimdir sizi inkar edən? Özünüzü elə aparırsınız, guya heç kim bu faktları bilmir və siz ortaya çıxarmaqla “qəhrəmanlıq” edirsiniz. Tarixi az-çox oxuyanlar bilir ki, Şah İsmayıl hakimiyyətinin ilk illərində sünniləri, Sultan Səlim isə fitva ilə şilələri (40 min Anadoluda + 30 min ətraf torpaqlarda) qətliam edirdi.
Təklifiniz nədir? 235 illik böyük bir zamanı - Səfəvilər dövrünü Azərbaycan və İran tarixlərindən silmək? İstəsəniz belə, bu, mümkün deyil. Tarix ən qəddar hökmdarın belə üstündən qara xətt çəkib kənara atmır. Və heç bir hadisə Şah İsmayılın etdiyi həm də yüksək məramlı xidmətləri kölgə altına sala bilməz. Çünki o, bir imperator, xüsusən də Türk oğlu olduğu üçün. Bütün hökmdarlar kimi o da hakimiyyət naminə müəyyən siyasətlər həyata keçirib, bu gün biz onlara yaxşı və ya pis adını qoymağımızdan asılı olmayaraq.
Heç biri haqlı olmadıqları halda siz Yavuzu müdafiə edirsiniz. Təsəvvür edin, bu hadisələr 16 deyil, indiki zamanda – 21-ci əsrdə baş verir. Yəni Ərdoğan fitva verdirib Azərbaycan türklərini şiə olduqları üçün qanına qəltan edir. Belə məqalələrin müəllifi Güntay Gəncalp Türkiyəyə: “Afərin Ərdoğan, sən Sultan Səlimin layiqli davamçısısan, yaxşı elədin qırdın Azərbaycan türklərini, çünki onlar şiə idi” deyə haqq verərdi? Yəqin ki. Amma yaxşı ki, bu gün nə Azərbaycan, nə Türkiyə sizin kimi düşünmür. Şah İsmayılı nə qədər birtərəfli təsvir etmək üçün çaba göstərsəniz belə, ağıllı adamlar bilir ki, o, bir İmpetaror idi və bütün Hökmdarlar kimi o da həm qan tökmüş, həm torpaq tutub ölkələr işğal etmiş, həm də əhəmiyyətli işlər görmüşdür. Bunlar danılmaz faktdır.
Qəddarlığının sayı-hesabı bilinməyən Çingiz xan, Teymurləng, 4 imperiya məhv etmiş və bu torpaqlarda insanların qanını su yerinə axıtmış Osmanlı padşahları, özü katolik olduğu halda katolik keşişlərini, yüzlərlə yerlisini mənv edən, çarmıxlarda yandıran VIII Henri Tüdor, hakimiyyət uğrunda minlərlə sadə fransızı toplara deşdirən Napaleonu, dünyanı “ali” irqin – almanların quluna çevirmək üçün 5 ildə 50 milyonu gülləbaran etdirən Hitleri ... də araşdırsanız, Şah İsmayılın törətdiyi hadisələrdən daha acılarını görəcəksiniz. Amma nə etmək olar? Hər necə olublarsa da, məlum olan barizlik budur ki, Onlar Tarix yaradıblar. Biz onlardan yaxşıları öyrənib, təbliğ edib, pisliklərini basdırmalıyıq, Avropalılar öz tarixlərinə yanaşdıqları kimi.
Və ən nəhayət. Şah İsmayılı düşmən etməyinizin 1) siz güneylilərə və 2) bütövlükdə iranlılara və farslara o qədər də ziyanı yoxdur. Çünki onsuz da bu günkü İran özünü Pəhləvilərdən üzü bəri Sasanilərin varisi hesab edir, amma 3) biz – Quzey Azərbaycan dövlətinə zərəri var üzdəniraq fikirlərinizin.
1) Şah İsmayılı düşmən elan etməyin (hansı mənada olursa olsun) Siz güneylilərə ona görə təsiri olmaz ki, dövlətiniz yoxdur. Dövləti olmayan millətin dövlət strategiyası da olmur. Bu günə qədər hələ ayırd edə bilməmisiniz özünüzə kimi qəhrəman hesab edəsiniz. Səttarxan İranı ingilislərin toruna keçməyə qoymayan bir üsyançı, Xiyabani və Pişəvəri isə İran daxilində Muxtariyyət röyası ilə “respublika” yaratmış xəyalpərəstlər. Siz İranda 1100 il hakimiyyət başında olmuş Türk hökmdarlarını da qəbul etməyib İrana “bağışlamısınız”. Ona görə də bu gün belə güneylilər həm İranda, həm dünyada başsız – qəhrəmansız sərgərdansınız. 200 ildir Güney Azərbaycan naminə konkret ideya xəttiniz yoxdur ki, o yolla gedəsiniz. Şah İsmayılı məhv etmək sizi – Güney Azərbaycanı istiqlal yoluna qoymur, daha da bataqlığa salır. Yox əgər onun xidmətlərinə göz yumub, mənfiliklərini qabartmaqla onu düşmən hesab etmək sizə bir az para qazandıracaqsa, özünüzü satmayın, heyifsiniz.
2) Şah İsmayılı düşmən elan etmənizin heç İrana da isti-soyuğu yoxdur. Çünki orada da bu barədə dəlillər axtarıb sizin kimi dəridən-qabıqdan çıxanlar var, fərqi odur ki, onlar farslardır, adlarını da bilirəm. Özlərinin etiraf etdiyi kimi, onlara Şah İsmayıl lazım deyil. Təbii ki, o, Türk deyil, fars olsaydı, onun müdafisəsinə qalxardılar. Onlar Səfəvi hakimiyyətini farslara təqdim etmiş Şah Abbası sevirlər, bilirsiniz. Odur ki, “millətçi adam”, bu “tədqiqatlar”a görə farslar sizdən yerdən göyə qədər razı qalsalar, təəccüblənmərəm.
3) Amma Şah İsmayılı düşmən etməyiniz yalnız və yalnız Quzey Azərbaycan Respublikasına ziyanı var:
a) Biz 100 ildə 3 dəfə Respublika qurmuşuq – heçdən bir Var yaratmışıq: tarixə heç bir sülalənin adı ilə deyil, öz torpaqlarımızın adı ilə bir Azərbaycan dövləti bəxş etmişik. Bilirsinizmi niyə bu dövləti yarada bilmişik? Bizim klassik yazarlarımız, ziyalılarımız – aydınlarımız Cavanşiri, Babəki, Şəmsəddin Eldəniz Atabəyi, Qara Yusifi Qaraqoyunlunu, Uzun Həsən Ağqoyunlunu, Şah İsmayıl Səfəvini, Nadir şah Əvşarı və Qacarları gələn nəsillərə türkləri və farsları idarə etmiş Qəhrəmanlar kimi təqdim etmişlər, “biz o nəslin xələfləriyik, dövlət yaratmağa qadirik” deyə. Onlar “Paytaxt Təbrizimiz yoxdur, amma Naxçıvanımız, Gəncəmiz, Bakımız var” dedilər. Gənclərimiz bu ruhda böyüdü - öz dövlətini yaratmaq ruhunda böyüdü. İdeya xətti aydın və düzgün oldu ki, nəticədə Məhəmməd Əmin Rəsulzadə kimi bir rəsul yetişdi və 18 yaşında Müstəqil Azərbaycan Cümhuriyyəti yolunu konkret olaraq müəyyənləşdirdi. 52 nəfər birləşib bir dövlət yaratdılar, amma 35 milyonun içindən hələ də o cür 52 nəfər çıxmır ki, Güney Azərbaycan Cümhuriyyəti yaratsınlar.
SSRİ tərkibində belə Azərbaycan öz Respublika quruluşu ilə qaldı. Bəziləri ruscada danışmaqla forlansalar da, rəsmi dövlət dilimiz Azərbaycan türkcəsi (və ya Azərbaycan), özümüz azərbaycanlı adlandıq, dünya xəritəsinə də belə yazıldıq. Vətənpərvər tarixçilərimiz hətta Sovet dövründə belə Azərbaycanlı fatehləri Qəhrəman oğullar kimi növbəti nəslə çatdırdılar. Halbuki hər birini araşdırsaq, o Qəhrəmanların – o Hökmdarların da səhvləri olub. Amma milli kimlik ideologiyası üçün dövlətə və millətə Qəhrəmanlarımız lazımdır.
Amerika ideoloqları neçə illərdir əmin bir nəticəyə gəliblər ki, “bir dövləti məhv etmək istəyirsənsə, ən əvvəl onun Qəhrəmanını alçalt, məhv et, beyinlərdən sil”. (Atatürklə bağlı neçə ildir ki, bu işləri görməyə başlayıblar.)
b) Şah İsmayılı düşmən etməyiniz – 16-cı əsr sünni-şiə məsələsini qabartmağınız Azərbaycan-Türkiyə münasibətləri baxımından da ziyanlıdır bizə. Adama elə gəlir, siz araşdırmalarınızla demək istəyirsiniz: “Ay türkiyəlilər, Azərbaycana niyə bu qədər yaxın olursunuz, niyə bu qədər dayaq durursunuz? Xəbəriniz yoxdur ki, Şah İsmayıl sizin ata-babalarınızı sünni olduqları üçün qətliam edib? Qan davalarını unutdunuzmu? Ey türkiyəli, 1-ci Səfəvi sənin ata-babanı sünni olduğu üçün öldürüb, ey azərbaycanlı, Sultan Səlim sənin ata-babanı şiə olduğu üçün qətlə yetirib, nə durmusunuz, niyə özünüzü bixəbər - heç nə olmamış kimi aparırsınız? Durun, həmin sünni-şiə davalarını davam etdirin, türkün qanını yenə türk qırsın”. Amma, məncə, Şah İsmayıl Sultan Səlimin, Sultan Səlim Şah İsmayılın acığına o qədər sünni və şiə türk qırıblar ki, hesab elə 16-cı əsrdə bərabərləşib, amma Türk dünyası uduzub.
Pravoslav rus və katolik erməninin Quzey Azərbaycana qalib gəlmələrinin 1-ci səbəbi odur ki, onlar məzhəblərindəki ayrı-seçkiliyi kənara qoydular, Xristian birliyi formasında avropalılarla da birləşib bizi Türk və Müsəlman olduğumuz qətl etdilər və edirlər. Bu dərslər bizə yetər ki, biz böyük ideyalar naminə tarixdəki bəzi şeyləri görməməzlikdən, bilməməzlikdən gələk, qeyri-türk və xristian düşmənlərimizə yenməmək üçün.
Mən Azərbaycanımı Sevirəm. Bilirəm bu gün hakimiyyətimizdə də, insanlarımızda da qüsurlar, çatışmazlıqlar var. Amma mən Onu Sevirəm, Mirzə Cəlil kimi, Rəsulzadə kimi, Almaz Yıldırım kimi, Əbülfəz Elçibəy kimi Sevirəm. Mən bütün tarixi Qəhrəmanlarımı Sevirəm, bütün yaxşılıqları və səhvləri birgə. Çünki onlar hamısı mənimdir - Türkündür, Azərbaycan torpağınındır. Niyə ingilis, fransız, fars, erməni, rus öz pisinə pis demədiyi halda, mən özü Türkümün dünyaya nümunə xidmətlərini qoyub səhvlərini deməliyəm?
Hiç yorum yok:
Yorum Gönder