15 Mayıs 2012 Salı

Səfəvilər kitabıma tənqid 3



Secda Mirzəyeva
Türkün Qəhrəmanları ilə “qəhrəmanlıq” etməyin

Salam, Güntay bəy. Mən vaxtilə Sizə çox hörmət bəsləyirdim, çünki Türkçü idiniz və güman edirdim ki, qələminiz Güney Azərbaycan Cümhuriyyəti yaratmaq ideyasına xidmət edəcək. Az qala sizi müasir dövrün Əli bəy Hüseynzadəsi, Əhməd bəy Ağayevi kimi təsəvvür edirdim. Düşünə bilməzdim ki, bəzi dini qurumlar sizi də cənginə sala bilərmiş.

Təbii ki, mən sizə diqtə edə bilmərəm bunu yazın, bunu yazmayın. Amma kimin yazmasından asılı olmayaraq, mənim Azərbaycanıma – dövlətimə zərər verəcək fikirlərin əleyhinə çıxırıam və çıxacağam da.
Göndərdiyiniz materiallara görə təşəkkür edirəm, onların bir çoxu haqqında kifayət qədər məlumatım var idi. Kimdir sizi inkar edən? Özünüzü elə aparırsınız, guya heç kim bu faktları bilmir və siz ortaya çıxarmaqla “qəhrəmanlıq” edirsiniz. Tarixi az-çox oxuyanlar bilir ki, Şah İsmayıl hakimiyyətinin ilk illərində sünniləri, Sultan Səlim isə fitva ilə şilələri (40 min Anadoluda + 30 min ətraf torpaqlarda) qətliam edirdi.

Təklifiniz nədir? 235 illik böyük bir zamanı - Səfəvilər dövrünü Azərbaycan və İran tarixlərindən silmək? İstəsəniz belə, bu, mümkün deyil. Tarix ən qəddar hökmdarın belə üstündən qara xətt çəkib kənara atmır. Və heç bir hadisə Şah İsmayılın etdiyi həm də yüksək məramlı xidmətləri kölgə altına sala bilməz. Çünki o, bir imperator, xüsusən də Türk oğlu olduğu üçün. Bütün hökmdarlar kimi o da hakimiyyət naminə müəyyən siyasətlər həyata keçirib, bu gün biz onlara yaxşı və ya pis adını qoymağımızdan asılı olmayaraq.

Heç biri haqlı olmadıqları halda siz Yavuzu müdafiə edirsiniz. Təsəvvür edin, bu hadisələr 16 deyil, indiki zamanda – 21-ci əsrdə baş verir. Yəni Ərdoğan fitva verdirib Azərbaycan türklərini şiə olduqları üçün qanına qəltan edir. Belə məqalələrin müəllifi Güntay Gəncalp Türkiyəyə: “Afərin Ərdoğan, sən Sultan Səlimin layiqli davamçısısan, yaxşı elədin qırdın Azərbaycan türklərini, çünki onlar şiə idi” deyə haqq verərdi? Yəqin ki. Amma yaxşı ki, bu gün nə Azərbaycan, nə Türkiyə sizin kimi düşünmür. Şah İsmayılı nə qədər birtərəfli təsvir etmək üçün çaba göstərsəniz belə, ağıllı adamlar bilir ki, o, bir İmpetaror idi və bütün Hökmdarlar kimi o da həm qan tökmüş, həm torpaq tutub ölkələr işğal etmiş, həm də əhəmiyyətli işlər görmüşdür. Bunlar danılmaz faktdır.

Qəddarlığının sayı-hesabı bilinməyən Çingiz xan, Teymurləng, 4 imperiya məhv etmiş və bu torpaqlarda insanların qanını su yerinə axıtmış Osmanlı padşahları, özü katolik olduğu halda katolik keşişlərini, yüzlərlə yerlisini mənv edən, çarmıxlarda yandıran VIII Henri Tüdor, hakimiyyət uğrunda minlərlə sadə fransızı toplara deşdirən Napaleonu, dünyanı “ali” irqin – almanların quluna çevirmək üçün 5 ildə 50 milyonu gülləbaran etdirən Hitleri ... də araşdırsanız, Şah İsmayılın törətdiyi hadisələrdən daha acılarını görəcəksiniz. Amma nə etmək olar? Hər necə olublarsa da, məlum olan barizlik budur ki, Onlar Tarix yaradıblar. Biz onlardan yaxşıları öyrənib, təbliğ edib, pisliklərini basdırmalıyıq, Avropalılar öz tarixlərinə yanaşdıqları kimi.

Və ən nəhayət. Şah İsmayılı düşmən etməyinizin 1) siz güneylilərə və 2) bütövlükdə iranlılara və farslara o qədər də ziyanı yoxdur. Çünki onsuz da bu günkü İran özünü Pəhləvilərdən üzü bəri Sasanilərin varisi hesab edir, amma 3) biz – Quzey Azərbaycan dövlətinə zərəri var üzdəniraq fikirlərinizin.

1) Şah İsmayılı düşmən elan etməyin (hansı mənada olursa olsun) Siz güneylilərə ona görə təsiri olmaz ki, dövlətiniz yoxdur. Dövləti olmayan millətin dövlət strategiyası da olmur. Bu günə qədər hələ ayırd edə bilməmisiniz özünüzə kimi qəhrəman hesab edəsiniz. Səttarxan İranı ingilislərin toruna keçməyə qoymayan bir üsyançı, Xiyabani və Pişəvəri isə İran daxilində Muxtariyyət röyası ilə “respublika” yaratmış xəyalpərəstlər. Siz İranda 1100 il hakimiyyət başında olmuş Türk hökmdarlarını da qəbul etməyib İrana “bağışlamısınız”. Ona görə də bu gün belə güneylilər həm İranda, həm dünyada başsız – qəhrəmansız sərgərdansınız. 200 ildir Güney Azərbaycan naminə konkret ideya xəttiniz yoxdur ki, o yolla gedəsiniz. Şah İsmayılı məhv etmək sizi – Güney Azərbaycanı istiqlal yoluna qoymur, daha da bataqlığa salır. Yox əgər onun xidmətlərinə göz yumub, mənfiliklərini qabartmaqla onu düşmən hesab etmək sizə bir az para qazandıracaqsa, özünüzü satmayın, heyifsiniz.

2) Şah İsmayılı düşmən elan etmənizin heç İrana da isti-soyuğu yoxdur. Çünki orada da bu barədə dəlillər axtarıb sizin kimi dəridən-qabıqdan çıxanlar var, fərqi odur ki, onlar farslardır, adlarını da bilirəm. Özlərinin etiraf etdiyi kimi, onlara Şah İsmayıl lazım deyil. Təbii ki, o, Türk deyil, fars olsaydı, onun müdafisəsinə qalxardılar. Onlar Səfəvi hakimiyyətini farslara təqdim etmiş Şah Abbası sevirlər, bilirsiniz. Odur ki, “millətçi adam”, bu “tədqiqatlar”a görə farslar sizdən yerdən göyə qədər razı qalsalar, təəccüblənmərəm.      
3) Amma Şah İsmayılı düşmən etməyiniz yalnız və yalnız Quzey Azərbaycan Respublikasına ziyanı var:
a) Biz 100 ildə 3 dəfə Respublika qurmuşuq – heçdən bir Var yaratmışıq: tarixə heç bir sülalənin adı ilə deyil, öz torpaqlarımızın adı ilə bir Azərbaycan dövləti bəxş etmişik. Bilirsinizmi niyə bu dövləti yarada bilmişik? Bizim klassik yazarlarımız, ziyalılarımız – aydınlarımız Cavanşiri, Babəki, Şəmsəddin Eldəniz Atabəyi, Qara Yusifi Qaraqoyunlunu, Uzun Həsən Ağqoyunlunu, Şah İsmayıl Səfəvini, Nadir şah Əvşarı və Qacarları gələn nəsillərə türkləri və farsları idarə etmiş Qəhrəmanlar kimi təqdim etmişlər, “biz o nəslin xələfləriyik, dövlət yaratmağa qadirik” deyə. Onlar “Paytaxt Təbrizimiz yoxdur, amma Naxçıvanımız, Gəncəmiz, Bakımız var” dedilər. Gənclərimiz bu ruhda böyüdü - öz dövlətini yaratmaq ruhunda böyüdü. İdeya xətti aydın və düzgün oldu ki, nəticədə Məhəmməd Əmin Rəsulzadə kimi bir rəsul yetişdi və 18 yaşında Müstəqil Azərbaycan Cümhuriyyəti yolunu konkret olaraq müəyyənləşdirdi. 52 nəfər birləşib bir dövlət yaratdılar, amma 35 milyonun içindən hələ də o cür 52 nəfər çıxmır ki, Güney Azərbaycan Cümhuriyyəti yaratsınlar.


SSRİ tərkibində belə Azərbaycan öz Respublika quruluşu ilə qaldı. Bəziləri ruscada danışmaqla forlansalar da, rəsmi dövlət dilimiz Azərbaycan türkcəsi (və ya Azərbaycan), özümüz azərbaycanlı adlandıq, dünya xəritəsinə də belə yazıldıq. Vətənpərvər tarixçilərimiz hətta Sovet dövründə belə Azərbaycanlı fatehləri Qəhrəman oğullar kimi növbəti nəslə çatdırdılar. Halbuki hər birini araşdırsaq, o Qəhrəmanların – o Hökmdarların da səhvləri olub. Amma milli kimlik ideologiyası üçün dövlətə və millətə Qəhrəmanlarımız lazımdır.

Amerika ideoloqları neçə illərdir əmin bir nəticəyə gəliblər ki, “bir dövləti məhv etmək istəyirsənsə, ən əvvəl onun Qəhrəmanını alçalt, məhv et, beyinlərdən sil”. (Atatürklə bağlı neçə ildir ki, bu işləri görməyə başlayıblar.)

b) Şah İsmayılı düşmən etməyiniz – 16-cı əsr sünni-şiə məsələsini qabartmağınız Azərbaycan-Türkiyə münasibətləri baxımından da ziyanlıdır bizə. Adama elə gəlir, siz araşdırmalarınızla demək istəyirsiniz: “Ay türkiyəlilər, Azərbaycana niyə bu qədər yaxın olursunuz, niyə bu qədər dayaq durursunuz? Xəbəriniz yoxdur ki, Şah İsmayıl sizin ata-babalarınızı sünni olduqları üçün qətliam edib? Qan davalarını unutdunuzmu? Ey türkiyəli, 1-ci Səfəvi sənin ata-babanı sünni olduğu üçün öldürüb, ey azərbaycanlı, Sultan Səlim sənin ata-babanı şiə olduğu üçün qətlə yetirib, nə durmusunuz, niyə özünüzü bixəbər - heç nə olmamış kimi aparırsınız? Durun, həmin sünni-şiə davalarını davam etdirin, türkün qanını yenə türk qırsın”. Amma, məncə, Şah İsmayıl Sultan Səlimin, Sultan Səlim Şah İsmayılın acığına o qədər sünni və şiə türk qırıblar ki, hesab elə 16-cı əsrdə bərabərləşib, amma Türk dünyası uduzub.

Pravoslav rus və katolik erməninin Quzey Azərbaycana qalib gəlmələrinin 1-ci səbəbi odur ki, onlar məzhəblərindəki ayrı-seçkiliyi kənara qoydular, Xristian birliyi formasında avropalılarla da birləşib bizi Türk və Müsəlman olduğumuz qətl etdilər və edirlər. Bu dərslər bizə yetər ki, biz böyük ideyalar naminə tarixdəki bəzi şeyləri görməməzlikdən, bilməməzlikdən gələk, qeyri-türk və xristian düşmənlərimizə yenməmək üçün.      

Mən Azərbaycanımı Sevirəm. Bilirəm bu gün hakimiyyətimizdə də, insanlarımızda da qüsurlar, çatışmazlıqlar var. Amma mən Onu Sevirəm, Mirzə Cəlil kimi, Rəsulzadə kimi, Almaz Yıldırım kimi, Əbülfəz Elçibəy kimi Sevirəm. Mən bütün tarixi Qəhrəmanlarımı Sevirəm, bütün yaxşılıqları və səhvləri birgə. Çünki onlar hamısı mənimdir - Türkündür, Azərbaycan torpağınındır. Niyə ingilis, fransız, fars, erməni, rus öz pisinə pis demədiyi halda, mən özü Türkümün dünyaya nümunə xidmətlərini qoyub səhvlərini deməliyəm?  

Qaynaq: http://adyazar.az/component/content/article/79-istixeberler/461-tuerkuen-qhrmanlar-il-qhrmanlq-etmyin-.html

      

 


Səfəvilər kitabıma tənqid 1




Niyazi Mehdi


Azərbaycan kimliyinə ağır zərbə silkinib
necə qalxmalı

Bu yaxınlarda «Qanun» nəşriyyatı bizim tolerantlığımızı ağır bir sınağa çəkib. İndi problem bu sınaqdan necə çıxmaqdır. Söhbət Güntay Gəncalpın «Səfəvilər. Səfəvi kimliyinə fərqli baxış» kitabından gedir. Bu kitab çoxdan oxuda yaşamadığım bir sarsıntını mənə yaşatdı.  

Sarsıntımın nədənləri

Gəlin yadımıza salaq. Sovet dönəmində İslam sevgisi öygüsü milli mənliyimizi qorumaq aracı idi alimlər ateist mühitdə, heç olmazsa, tarixi şərqşünaslıq araşdırmalarında İslamdan ateist sancmalara yol vermədən danışa bilirdilər. Qəribədir ki, Sovet senzurası da tələb etmirdi ki, harada İslamı görsən, ora bir güllə at. Malı-maldan belə ayırırdılar: ateizm dərsində kommunist yığıncaqlarında İslam, Xristianlıq ateist «ifşalarda» verilirdi. Ancaq kulturoloji, tarixçi araşdırmalarda İslamdan normal səslə, İslam mədəniyyətindən isə hətta qürrə ilə danışmaq olardı. Bizlər bundan geniş istifadə edərək milli kimliyimizin aclığını doydururduq. Biz kimik? Biz İşraqi (Söhrəverdi), təsəvvüf (Təbrizli Şəms), Nizami irsinin (sıranı xeyli uzatmaq olar) daşıyıcılarıyıq. Buna milli identiklik deyirlər, çünki özümüzü bu irslə eyniləşdiririk.

Zaman keçdi kimliyimizdə İslam sevgisinə türk sevgisi qovuşdu. Bu zaman Şah İsmayıl milli özünüidentifikasiyanın simvollarından biri oldu. Marksdan onun fəthləri ilə bağlı sitat isə milli duyğularımızın alovuna qup-quru odunlar atdı.

Ancaq eyforiya da yoxdu

Düzdür, Azərbaycan mentalitetində öyünməklə yanaşı, refleksiya (özünü düşünüş), insaf etirafı, “ibnə qoymaq” şakəri var. Deyəsən, 70-ci illərdə, artıq, Şah İsmayılla bağlı narazı sözlər yer almağa başladı (türk dünyasını parçaladı, İslam dünyasını böldü). Bu narazılığın sonucları zamanımızda Şah İsmayıla sevgini, Şah İsmayıl kultunu dolaşığa salan «Yarımçıq əlyazma» (Kamal Abdulla) romanı ilə bir onun «Səhvlərin qrammatikası» essesi ilə sonuclandı.

Mənim özüm üçün Şah İsmayıl Xətainin türkcə şeirləri qızılbaş mühiti millət kimi formalaşmağımızın hələ güclü amilləri olaraq qalır. Di gəl, «Səfəvilər» kitabı, - bütün bunları vurdu dağıtdı deməyəcəm, - ancaq bütün bunları çox ağır zəlzələyə saldı, onun üçün sarsıldım.

Ortaçağ qaynaqları dedi-qodu dezinformasiyası

Sovet dönəmində Şeybani xanı öldürəndən sonra Şah İsmayılın onun qafasını qızıla tutdurub şərab içməsini mən heç “nifrətə bax!” təəccübü ilə də yox, nəsə sərkərdənin epik jesti kimi qavrayırdım. Biabırçılıq! «Səfəvilər» kitabını oxuyanda diksindim, çünki səhnə gözümün qabağında kannibalist iyrənclikdə canlandı şübhə yarandı. Belə nəsnələr İslam dünyasında gerçəkdən ola bilərdimi?!

Çağımızda şayiələrin kökdən-kökə düşüb necə tanınmaz hala gəldiyini bilirik. Məsələn, adam deyə bilər ki, bunun başından piyalə düzəltmək olar! Sonra bu deyim ağızdan-ağıza keçibən adamın guya kəllədən çaxır içməsinə çevrilə bilər. «Səfəvilər» nəinki Şah İsmayılın, hətta qızılbaşların da düşmənlərinin ətini yeməsi haqqında səhifələr var. Bu nədir? Şayiələrin «qanını içərəm», «ətini yeyərəm» deyimlərindən əcaib transformasiyalar yaparaq kannibalist səhnələr düzəltməsi və beləcə Ortaçağ qaynaqlarına keçməsidir, ya nədir? Mən mütəxəssis olmadığımdan bu sorulara cavab üçün xeyli axtarışlar etməliyəm. Ancaq, axı, «Səfəvilər» kitabında yer almış bu kimi faktlara tarixçilərimiz cavab verməlidirlər. «Qanun» nəşriyyatının direktoru (Şahbaz Xuduoğlu) daha kəskin sözlərlə tarixçiləri buna çağırır.

Mən isə şübhə toxumunu Güntay Gəncalpın, - boynuma alım ki, çox istedadlı, milli sevgisi olan güneyli yazarın, -  şüubiyyə (şöbələr) məsələsinin üstünə səpələrdim.

Şiə konspirologiyası          

Konspirologiya dünyada ya bir ya bir neçə ölkədə hadisələrin gizli mərkəz gizli planla idarə olunmasına inamdır. Yəni inamdır ki, tarixi hansısa gizli güclü mərkəzin proyekti, ssenarisi yönəldir. Bir konspiroloji «nəzəriyyədə» bu mərkəz Masonlardır, o birisində KQB-dir. Günümüzdə Bilderberq klubu belənçi mərkəz kimi dəbə minib. Konspiroloji qurğulara görə Birləşmiş Ştatlar yaranışına görə, bolşevik devrimi baş verməsinə görə masonlara borcludurlar. Akademik elm hansı bir nəzəriyyəninsə elmə dəxli olmadığını bildirmək üçün «konspirologiyadır» deyib fınxırır. Ağıllı ekspertlər nəsə konsipiroloji ssenariyə oxşar bir nəsnə deyəndə vurğulayırlar ki, «elə bilməyin, mən konspirologiya qurub-toxuyuram».

Mənsə kospirologiyanın iki eyibini deyim. Birincisi, paranoyaya çox oxşayır. Paranoikə həmişə elə gəlir ki, ona qarşı sui-qəsd planı var ona gizli qurğular qururlar. O biri eyib tarixlə bağlı tapılmış bir paradoksdan doğur. Sən indi üçün nəyisə götürüb onu Tarixin üz tutduğu amac elan etsən, belə görünəcək ki, demə, bütün tarix həmin amaca çatmaq üçün işləyibmiş. Erməni elan etsə ki, erməni tarixində gizli məqsəd haçansa genosidə qurban olmaq məqsədi olub mütləq folklordan, yazarlardan buna faktlar tapacaq. Kimsə elan etsə ki, Azərbaycan ruhu haçansa azadlığa çatmaq istəyinə üz tutaraq işləyibbuna da yetərincə materiallar tapacaq.

Şüubiyə konspirologiyası

«Səfəvilər» kitabında Sasani keçmişinə söykənib fars iradəsini Müsəlman dünyasında ucaltmaq fars etnosunu əsas aktyora çevirmək hərəkatına şüubiyə deyilir. Güntay Gəncalp farslar arasında tarixən yer almış bu istək əsasında azman bir konspiroloji model qurur. Bu konspirologiyaya görə, Şah İsmayıl sonrakı səfəvilər şüubiyənin əlində alət olublar. Eləcə türkmən qızılbaşları farsçılıq alətinə çevirmiş türk ruhlu Bayındırlı dünyasını Azərbaycanda dağıtmışlar. «Səfəvilər» kitabında dəfələrlə deylir ki, şüubiyə sünni Təbriz, Ərdəbil əhlini qırıb-qorxudub ki, şiələşdirsin. Ona görə onlarda Şah İsmayıla böyük nifrət var. Bizim dilimizin bu hala düşməsi, yəni fars dilinin təsiri altında olması da şüubiyə «ssenarisinin» sonucudur. Ancaq başqa bir yerdə yazar Osmanlının dilinin eyni hala düşməsindən danışır, halbuki göstərir ki, şüuubiyənin əli ora çatmamışdı.

Təriqətlərin fəlsəfəsi
  
Mən dini didişmələrin küfründən insanlığın qurtulmasını bir düsturda görürəm: İslamın təriqətləri Azərbaycanın zənginliyidir (eləcə dinlər dünyanın mənəvi zənginliyidir). Yalnız insan haqlarını tapdalayan təriqətlər tapdaladıqları anda bu zənginlikdən çıxırlar. Güntay Gəncalpın kitabında ideoloji bir qəzəb, nifrət var. Bu nifrət həm onun Azərbaycan türklüyünə sevgisindən gəlir. Ancaq bəyəm nifrət etmək istəyən Katolisizm, Pravoslavlıq, Sünnilik, Konfutsiçilik tarixindən yetərincə faktlar tapmaz?! Hansı təriqət, hansı din öz tarixində insan haqlarına yönəlik düşmən eyləmlərə yol veribsə, həməncə dinin gözəlliyinə «möminlik» iddiasında olan insanın eybəcərliyinə qatıb.

Mən bilmirəm, Gəncalpın kitabında yer alan eybəcər hadisələr qızılbaş düşmənlərininmi, yoxsa şiə düşmənlərininmi uydurmasıdır. Uydurmadırsa, qoy ekspertlər cavab versinlər. Ancaq Sünnilik kimi Şiəlik İslam dünyasına möhtəşəm nəsnələr verib. Ola bilərdimi ki, adamyeyən Şah İsmayıl ya qızılbaşlar böyük bir hərəkata çevrilsinlər?! Azəri xatirəsində onların kannibalizmi, onların küfrləri ilə bağlı xatirələr qalmasın? Bir sözlə, “top” tarixçilərdədir. Biz isə Şiəliyi, qızılbaşlığı Gəncalpın «Səfəvilər» kitabının sınağından keçirib sevməli, öyünməliyik. Əgər sevgi öyünməyə layiqdirlərsə